Kiçik yaşayış sahəsi olan mənzillərə düzgün dizayn vermək və onu komfortlu bir məkana çevirmək, geniş sahəli mənzillərə nisbətən daha çətindir elə deyilmi? Çünki imkanlar nə qədər məhduddursa, çarələr aramaq bir o qədər çətinləşir. Ancaq ruhdan düşməyin, “Khatai Light” sizə kiçik mənzilinizi saraya çevirməyin bir neçə sirrlərini açıqlayacaq.
İlk öncə, kiçik mənzillərdə ölçülərə təsir edəcək səbəbləri araşdıraq. Bunlardan ən əsası qanunvericiliyin tələbləri, vərdişlərimiz, həyat tərzimiz və son olaraq da ev sahiblərinin şəxsi istəkləridir.
Qanunlar bəzən onları pozmaq üçün olsa da, onlarla zarafat etmək məsləhət deyil.
Mənzilimizi genişləndirmək xəyalları qurarkən qarşımıza çıxan maneələrdən biri də mənzil planının dəyişdirilməsi ilə bağlı qanun və normativlərdir.
Bu normativlərə əsasən, otaq və sanuzelin hesabına mətbəxin genişləndirilməsi qadağandır.
Mənzilin dizaynı zamanı ən çox da bu məsələ, çoxlarının xəyallarına məhdudiyyətlər qoyur.
Ancaq bu hələ son demək deyil. Belə ki, eyvanınızı mətbəxə birləşdirməklə siz xəyallarınıza bir addım yaxınlaşa bilərsiniz.
Evdə komfort yaratmaq üçün özünüzün, varsa da ailə üzvlərinizin mənzildə keçirdiyi vaxt ərzində davranışlarından ibarət bir siyahı tutun.
Evinizin sizin üçün daha çox iş və yaxud istirahət məkanı olduğunu müəyyənləşdirin.
Məsələn, subay insanların günün çox hissəsini işdə keçirdiyi və az hallarda evdə yemək yediyini düşünsək, onlar üçün mətbəx zonasının daha az prioritetli olduğunu müəyyən etmiş olarıq.
Və ya əksinə, ola bilər ki bu şəxs freelance olaraq çalışır və gününün çox hissəsini evdə keçirir.
Məhz həyat tərzlərindəki fərqlilikləri nəzərə alaraq, mənzilin təmiri zamanı bunlara diqqət etmək sizin xeyrinizə olar.
İşlərinizi gündüz görməyə üstünlük verirsinizsə, iş stolunuz pəncərənin qırağında işıqlı yerdə olmalıdır.
Ola bilər ki siz yalnız gecələr işləyirsiniz və iş mühitinizin işıqlı olmasına ehtiyac yoxdur, o zaman yatağını pəncərəyə yaxın yerləşdirməyiniz daha məqsədə uyğun olar.
Həmçinin istirahət günlərinizi necə keçirməniz də əsas faktorlardandır.
Şərq mədəniyyətinə görə, qonaq müqəddəsdir. Məhz bu səbəbdən qonağın istirahəti üçün nəzərdə tutulmuş sahənin daha geniş olması önəmlidir.
Mebellərin yerləşdirilməsi zamanı əsasən bunları nəzərə almaq lazımdır.
Mənzilinizin vizual genişliyini təmin etmək üçün əsasən mebel və rəng seçimləri zamanı diqqətli olmaq lazımdır.
Yer tutan iri gövdəli mebellər əvəzinə, divar rəngindən seçilməyən açıq rəngli gizli dolablara üstünlük verə bilərsiniz. Bu həmdə az lazımlı əşyaların boş yer tutmamasının qarşısını alar.
Niyə məhz açıq rəng, çünki açıq rənglər görüntü olaraq genişlik yaradır. Yalnız sanuzel kimi çox kiçik məkanlarda bu seçim əks effekt verə bilər. Bu yerlərdə mütləq bir divar daha tünd tonda, aksentli rənglə fərqləndirilməlidir.
Ola bilsin ki, sizin otağınız həm yataq, həm də qonaq otağının funksiyasını yerinə yetirməyə məcburdur. Bu hallar daha çox 1 otaqlı mənzillər üçün aktualdır. Belə hallarda yüngül materiallardan olan arakəsmələr mənziliniz üçün idealdır. Qapının olması mütləqdirsə, hərəkətli şüşə qapılar sizin üçün əla seçim olacaq. Eyni zamanda arakəsmələri də mat şüşədən etmək olar ki, bu da otağınızda vizual genişlik effekti yaradacaq.
Ümumilikdə isə, əsas olan mənzilinizin ölçüsü yox, orda keçirdiyiniz xoş anların sayıdır.
“Khatai Light” sizə xoş anlara səbəb olacaq geniş və işıqlı mənzillərini təklif edir.